Onlayn ictimai-siyasi qəzet
Burda yazmaq mümkün olmayan bir lətifədə deyilən kimi, “başımız qarışıb, qazanın dibi yanır”. Ardıcıl iki yazını futbol üzrə dünya çempionatından qaraladım, artıq bəzi oxucular ixtisasımı dəyişdiyimi, idman sahəsinə keçdiyimi zənn edir.
Doğrudur, futbol müdirlərimizin “bacarıq və biliklərinə” baxanda adam həvəslənir, pis fikirlərə düşürsən, deyirsən mən də bura rəhbərlik edərəm, nə var ki, əsas pul silməkdir. Ancaq biz xalqdan, onun gün-güzəranından uzaqlaşmayaq. Orda isə vəziyyət yaxşı deyil və 16 iyunda uca millətimiz qeyri-adi, görünməmiş, bəlkə də analoqu olmayan faktla üzləşdi, lakin qəribədir ki, buna heç kim fikir vermədi. Əlbəttə, futbola başımız qarışmışdır, ayrı nə ola bilər? Camaat başqa vaxt ancaq iqtisadi-siyasi vəziyyəti müzakirə edir – məsələn, Almaniyada.
Fakt isə budur: hökumət iqtisadi sektorda staqnasiya, durğunluq yarandığını şəxsən etiraf etmişdir! Mən nə qədər düşündüm, belə bir hadisəyə bu yaşa qədər rast gəldiyimi xatırlamadım. Mənim yaşım isə o qədər az sayılmaz, Brejnevi taxtda, Elçibəy hökumətini qundaqda (o hökumət həyatdan körpə getdiyi üçün belə yazdım, pis mənada anlamayın – Z.H.) görmüş adamam. “Pripiska”, hər inəkdən 1000 litr süd sağan, hər il milyon ton pambıq verən gopçu iqtisadiyyatımızın da canlı şahidiyəm, dəftər-kitabdan oxumamışam.
Əlqərəz, gəlin həmin faktı Dövlət Statistika Komitəsinin öz saytından, olduğu kimi oxuyaq: “2026-cı ilin yanvar-may aylarında ölkədə 51783,8 milyon manat məbləğində ümumi daxili məhsul (ÜDM) istehsal edilmiş və ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə dəyişiklik qeydə alınmamışdır. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 0,4 faiz artmışdır... Sənayedə artım 0,4 faiz olub, tikintidə isə 23 faiz azalıb”.
İndi isə gəlin staqnasiya – iqtisadi durğunluq elmi ədəbiyyatda nəyə deyilir, ona baxaq. Əgər ÜDM artımı çox aşağı faizlədirsə, yaxud mənfi göstəricidirsə, buna durğunluq deyilir. İqtisadi durğunluq işsizliyə, aktivliyin azalmasına, depressiyaya, sosial narazılığın artmasına, əhalinin həyat şəraitinin pisləşməsinə gətirib çıxarır.
Əlbəttə, bizim bunları anlamağımız üçün heç də gedib Narxozda-zadda oxumaq lazım deyil, həyat şəraitimiz, dükan-bazar özü reallığı açıq göstərir. Lakin burda əsas sual “niyə biz pis vəziyyətə düşmüşük” deyil. Əsas sual budur ki, hökumət niyə bu rəqəmləri açıqlayır? Yenə xüsusi qeyd edirəm: aşağı-yuxarı 30-40 ildir bu kökdəyik, sadəcə, bizə həmişə yağlı-buğlu rəqəmlər “yedizdirirdilər”, hökumət heç vaxt staqnasiyanı boynuna almırdı. Bəs indi nə olub?
Mənim ehtimalım belədir ki, bu, Statkomun yeni başçısı Azər Mursaqulovun öz peşəsinə və vəzifəsinə hörmətlə yanaşmağının əlamətidir. Onu lap təzəlikcə, 10 fevralda sədr qoymuşlar. Mursaqulov Türkiyənin nüfuzlu Boğaziçi Universitetinin məzunu olaraq peşəkar kadr kimi görünür (Doğrusu, hökumətdən kimisə tərifləmək özümə də qəribə gəldi). Əvvəlki sədr qocaman YAP-çılardan biriydi və heç vaxt həqiqət dərdi-filanı olmazdı.
Görünür hökumət də artıq yaxşı anlayır ki, iqtisadi-sosial, o cümlədən siyasi məsələlərin həlli üçün real rəqəmlərə, gerçək informasiyalara söykənmək daha düzgündür. Çünki əlinin altında yalan-palan məlumat bazası olsa qərarlar əvvəl-axır neqativ nəticələr doğurur. Hamı üçün.
Görək indi bu “həqiqət anı” nə qədər çəkəcək. Bəlkə də mən pis iş gördüm, mövzuya diqqət çəkdim və artıq yayda biz “Amerikanı yenidən ötüb keçəcəyik”.
21 Iyul 2026
20 Iyul 2026
19 Iyul 2026
17 Iyul 2026
16 Iyul 2026
15 Iyul 2026
13 Iyul 2026
12 Iyul 2026
10 Iyul 2026
09 Iyul 2026
08 Iyul 2026
06 Iyul 2026
05 Iyul 2026
03 Iyul 2026
02 Iyul 2026
01 Iyul 2026
29 Iyun 2026
25 Iyun 2026
24 Iyun 2026
23 Iyun 2026
22 Iyun 2026
21 Iyun 2026
19 Iyun 2026
18 Iyun 2026
17 Iyun 2026
16 Iyun 2026
14 Iyun 2026
12 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ