İnsanlara hürriyət, millətlərə istiqlal!

Duzqabını vermək üçün

Dövlət Statistika Komitəsi ilin əvvəlindən əhali artımını açıqlayıb: 9 min 287 nəfər. Bu rəqəmin nə qədər cüzi olduğunu müqayisələr göstərir. Hətta koronavirus pandemiyasının tüğyan eləməyə başladığı 2020-ci ilin 1-ci yarısında Azərbaycan xalqı 26 min 584 nəfər artmışdı. İndikindən 3 dəfə çox. 2015-ci ildəki uyğun rəqəm isə vəziyyətin dramatikliyini daha şiddətlə göstərir: 56 min! Yəni, son 10 ildə xalqımızın təbii artımı 6 dəfədən də çox aşağı düşüb.

Təbii artım doğuş sayından ölən sayını çıxmaqla hesablanır və hələlik biz artırıq. Ancaq gedişat belə davam eləsə, yaxın illərdə Azərbaycanda ölüm doğumu keçəcək. Dünyada belələri, “mənfi artım”lı dövlətlər yoxdurmu? Var. İtaliya, Almaniya, Yaponiya, Rusiya, Ukrayna, Bolqarıstan, Xorvatiya, Serbiya, Yunanıstan, Portuqaliya, Kuba və sairə. (Heç olmazsa bu sahədə Almaniya və Yaponiyaya “çatmışıq”, təbrik eləmirəm).

Bütün rəqəmlər – doğulan oğlan və qız uşaqlarının nisbəti, nikah sayı və sairə də qorxunc azalmanı göstərir. Yalnız birini yazım, baxın: 2015-ci ilin ilk yarısında 38 min 600 nikah bağlanmışdı. 2026-cı ildə bu rəqəm cəmi 15 min 107 olub. Müsəlman ölkəsi olduğumuzu, hamının bir-birinin şəxsi həyatına burun soxmağı əsas fəaliyyət növlərindən birinə çevirdiyi cəmiyyətdə yaşadığımızı nəzərə alsaq, qeyri-rəsmi ailə quranların, vətəndaş nikahlarının sayına da ümid eləməyə heç bir əsasımız yoxdur.

Açıq yazsaq, hökumət bu durumdan qəti narahat görünmür. Hər halda, ən azından adını çəkdiyim 2015-ci ildən bəri xalqın təbii artımını dəstəkləyən hər hansı sosial-iqtisadi dövlət proqramına rast gəlməmişəm. Varsa, yazın, mən də bilim. Yəqin çağdaş texnologiyalar dövründə, süni intellektin, robotların, insansız qurğuların parladığı zəmanədə xalq hökumət üçün o qədər də vacib və lazım deyildir. Camaatın azalması hələ bəlkə sərfəlidir: bunun pensiyası var, iş yerləri var, medal vermək lazım gəlir, xalq artisti adı istəyənlər olur və sairə. Bəs millət özü niyə çoxalmaq istəmir?

Axı mahiyyətcə xalqın artması üçün hər cür şərait var. Toyxanalar o qədər çoxdur, onların Bakıda, “8-ci kilometr”də hətta ayrıca küçəsi, məhəlləsi yaranıb. (Pis çıxmasın, Amsterdamda “Qırmızı fənər” küçəsi olduğu kimi, bizdə də “Toyxana küçəsi” yaranıb). İqtisadi vəziyyət əladır, yumurta arada 1 qəpiyə düşmüşdü. Restoranlarda yeyib-içən, Qəbələdə samovar qaynadan, nə bilim, Kürdəxanıda dincələn... Səhiyyə xidməti, təhsil xidməti, taksi xidməti, ayıq sürücü xidməti, ASAN-xidmət, xidmət, xidmət... Hər yerdə bizim üçün xidmətlər 7/24 çalışır, tər tökür. Ən əsası, bizim daha geniş areala yayılmaq imkanımız yaranmışdır, 20 faizi də qaytarmışıq. Xalq isə iki ayağını bir başmağa dirəyib, artmaq istəmir. Bu məqamda lap Səməndər Rzayevin ünlü personajının diliylə yazmaq istədim: “Niyə çoxalmırsınız, ayə?!”

İqtidar güclü olan dövlətlərdə bəlkə xalqda, türkün məsəli, iqtidarsızlıq yaranır? O zaman zəif iqtidarlı və dağılan Almaniya niyə azalır? Biz azalıb yox olandan sonra yerimizə hansı camaat yerləşəcək? Bəlkə harasa assimilyasiya olunacağıq? Bilmirəm. Bu yazını da, düzünü bilmək istəsəniz, xəbərdarlıq üçün cızmaqara eləmədim, mən kiməm ki, xalqı nədənsə xəbərdar edim? “Yatmışları razı deyiləm kimsə oyatsın”.

Biz bəzən öz həyatımıza çox böyük məna, missiya-filan qatırıq, halbuki bu zırıltının əsasən heç bir anlamı yoxdur. Yazını da elə o temada pritça ilə bitirək: “Bir nəfər ölür, o dünyada mələkdən soruşur ki, mənim həyatımın mənası nə idi axı, dünyaya niyə gəlmişdim. Mələk deyir: “Yadına gəlirmi, 2026-cı ilin yazında Bakı-Tiflis qatarına it zülümüylə bilet almışdın, kupedə bir ailə də gedirdi, yolda süfrə açdılar?”. Adam fikirləşir, güc-bəla xatırlayır, təsdiqləyir. Mələk deyir: “Yevlaxa çatanda ailədəki uşaq səndən masadakı duzqabını istədi, sən də verdin”. Adam yenə düşünür: “Açığı, yadıma gəlmir, ancaq nə olsun, bu nə deməkdir?”. Mələk deyir: “Sualının cavabı idi”.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Iyul 2026

21 Iyul 2026

20 Iyul 2026

19 Iyul 2026

17 Iyul 2026

16 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

09 Iyul 2026

08 Iyul 2026

06 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

02 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

25 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

21 Iyun 2026

19 Iyun 2026

18 Iyun 2026

17 Iyun 2026

16 Iyun 2026

14 Iyun 2026