İnsanlara hürriyət, millətlərə istiqlal!

Enerjili cızmaqara

Özbəkistandan bir dələduz vətənimizə gəlmiş, əlini sürtməklə guya camaatın dərdinə əlac eləyirmiş. Hüquq-mühafizə orqanları isə onun həmin əllərini qandallayaraq türməyə salıbdır. İndi ona Azərbaycanda əslində kimin əlində enerji olduğunu yaxşıca başa salacaqlar.

Biz heç vaxt imkan vermərik xarici dələduzlar və fırıldaqçılar vətənimizdə at oynatsın. Öz milli dələduzlarımıza nə gəlib ki? Bizim hər yerimizdən, torpağın altından-üstündən enerji fışqırır, qoymağa yer, axıtmağa boru tapmırıq, bu gəlib deyir əlimdə enerji var... Püf.

Lap özbək olmur, Teymurləngin əmisi nəvəsi olsun. Dəxli yoxdur. Biz başqa bütün məsələlərdə bəlkə turançıyıq, Ərgənəkon, Alp Ər Tonqa, Attila, canım sənə desin, Göytürk xaqanın övladıyıq, lakin dələduzluqda inhisarı heç bir qahım-əqrəbaya verə bilmərik. (Sözgəlişi, bir nəfər alim adam var, iddia edir ki, “qohum-əqrəba” ifadəsindəki “qohum” sözü ər tərəfin, “əqrəba” isə arvad tərəfin qahımlarına aiddir. Yəni, guya övrət tərəf hamısı əqrəblərdir. Maraqlı yanaşmadır, məncə hansısa həqiqət payı vardır).

Hərçənd, son illər Özbəkistanla əlaqələrimizin isinişməsinin bu vəziyyətə gətirməyi hardasa tragikomediyadır. İranla aramız açılanda da belə olmuşdu. 70 il şairlər “Araz, Təbriz” deyib ağlaşdılar, axırda sərhəd açılanda ordan bir topa molla və bir xurcun tiryək gəldi, hələ də əlində əsir qalmışıq. İndi də Orta Asiyadan qapımızı dimdikləyən ilk qaranquşlar dələduzlar çıxır. ( Özbəkistan Füzulidə məktəb tikib, insafən, bunu qeyd etmək lazımdır). Yəqin dövlət siyasətinin propaqanda bölümündə təzə şüara ehtiyac var, bəlkə gecikibdir: “Özbəkistanın və Turanın yaxşısını götürüb, pisini atmalıyıq”.

Şair demişkən, salam dar ağacı, əleykümsalam. Vallah. Yeri gəlmişkən, çox adam bilmir, bizim şair də o şeiri vaxtilə özbək əkələrimizdən əkişdiribdir. Halal xoşu olsun, neyləmək olar? Əmir Teymur da vaxtilə Bakıdan-Şəkidən taxta-şalban dükanlarını yağmalayıb Səmərqəndi tikdirmişdi. İnci, qiymətli-daş-qaş heç vaxt yerdə qalmır. Mütləq əkişdirirlər. O boyda Luvru yağmaladılar, sən deyirsən şeirdən misra elə getdi, dələduz belə gəldi...

Ancaq əlindəki enerji ilə camaatı sağaldan adamı dama basmaqla iş bitmir. Bəs xəstələrin taleyi necə olacaq? Həmin o basabas növbədə dərdlərinə dərman gözləyən na-əl-ac adamlar indi nə edirlər, bunu əl-aqədar orqanlar fikirləşirmi?

Məsələn, özünüzə sual verin ki, niyə iqtidar həmişə sosial siyasətin uğurlarından danışır, guya sosial yönümlü, humanitar, insanyönümlü hökumət qurduğunu bəyan edir, ancaq camaat ağrı-acısını canından çıxartmağa həkim, səhiyyə sistemi tapa bilmir, ya da buna imkanı çatmır və dələduzların, falçıların, fırıldaqçıların, ekstrasens və mollaların qapısında yatır? Bunun cahillik səbəbini də elə hökumət formalaşdırıb – təhsilə balta çalmaqla. Orta məktəbdə müəllim üzü görməyən adamın sabah molla və maq axtaracağına kimsənin şübhəsi olmasın.

Hələ bəzən o “əlində enerji olan” adamın caynağına keçən qurbanlar arasında müəllim diplomlu adamlar da olur, ən qorxulusu əslində budur. Bir gözəl aforizmdə deyilən kimi: “Əgər məktəbdə fizikanı pis oxumusansa, həyatın möcüzəvi keçəcəkdir”.

Alimlər xoruldayan ölkədə dələduzların at oynatmağı təbiidir. Yazını da həmin akademiklərdən birinin müsahibəsindən sitatla bitirim, əlimdə başqa işlər var – oxucuların bəzisini əlimdəki köşə yazarı enerjisi ilə müalicə etməliyəm: “Pirşağıda bağımın hovuzuna nerjaveyka pilləkən lazım idi. Heç yerdən tapmırdım. Səhərisi gün də Amerikaya konfransa getməliyəm. Ətağanın cəddini köməyə çağırdım, sürücüyə dedim sür Sabunçuya, orda olacaq. Getdik gördük həqiqən nerjaveyka pilləkən həmin dükanda var”. Sitatın sonu.

Yalnız onu qeyd edim ki, bu adam AMEA prezidenti olub, özü də Allah heç qoymasa, geoloq alimdir guya.

Özbəyi azad edin, çıxsın getsin.

P.S. Bu yazını saytdan kəsib ağrıyan yerinizə qoyun.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

07 Sentyabr 2026

06 Sentyabr 2026

04 Sentyabr 2026

03 Sentyabr 2026

02 Sentyabr 2026

01 Sentyabr 2026

31 Avqust 2026

30 Avqust 2026

28 Avqust 2026

26 Avqust 2026

24 Avqust 2026

23 Avqust 2026

21 Avqust 2026

20 Avqust 2026

19 Avqust 2026

18 Avqust 2026

16 Avqust 2026

14 Avqust 2026

13 Avqust 2026

12 Avqust 2026

11 Avqust 2026

10 Avqust 2026

09 Avqust 2026

08 Avqust 2026

06 Avqust 2026

05 Avqust 2026

04 Avqust 2026