İnsanlara hürriyət, millətlərə istiqlal!

Göl niyə köpükləndi...

“Xaki-payinə yetəm der, ömrlərdir müttəsil,

Başını daşdan-daşa vurub gəzər avarə su”.

(Füzuli, “Su” qəsidəsindən)

Efirdə qeyri-etik sözlər danışan kişinin icra hakimiyyətində müavin vəzifəsində çalışan övrətini işdən çıxartdıq, dünən xəbər verildi ki, bərpa idarəsində çalışan qızı da istefaya göndərilmişdir. İndi qalır bunları ailəlikcə yığıb ölkədən çıxardaq. İnşallah, ondan sonra ekran-efirdə hər şey etika çərçivəsində olacaqdır, milli-mənəvi dəyərlərimiz də şiddətli səviyyədə qorunacaqdır.

Ailəni yola salmazdan qabaq bir qeydimi də yazım: mən bu iş sayəsində yeniliklərdən agah oldum. Məsələn, həmin övrətin vəzifəsinin tam adı “rayon icra hakimiyyəti başçısının müavini, ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri” imiş. Belə çıxır, bizdə bütün rayonlarda ictimai-siyasi məsələlər var imiş. Ya da belə yazaq: qalırmış. Şəxsən mənim üçün böyük kəşfdir. Elə bilirdim, kənd camaatı çoxdan bəridir mal-heyvanını saxlayır, çuğundur-zad əkir. Sən demə, siyasətlə də məşğul olurmuşlar. Nırç-nırç... Bəlkə də buna son qoyulmalıdır. Samux rayonunda hansı siyasi məsələlər ola bilər?

Siyasətdən söz düşmüşkən, Naxçıvanın Anayasasına dəyişiklik edildi, oradan “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi” adlı maddəni çıxartdıq. Artıq indən belə Naxçıvanın özünün ayrıca ali vəzifəli şəxsi olmayacaqdır.

Tarixi kontekstdən yanaşanda, bu çox qeyri-adi hadisədir. Vasif Talıbovu işdən çıxaran kimi, vəzifənin də ləğv edilməsi əslində bölgələrimizdə siyasi fəaliyyətləri dayandırmağın zəruriliyini ifadə etməklə dünya siyasətində yeni pəncərələr açır və sairə. Qalanını özünüz fikirləşin.

Qeyri-adi hadisələr əslində çox olur, biz fikir vermirik. Ombudsman idarəsi 2025-ci ildə xalqımızın daha çox hansı sahələr üzrə şikayət elədiyinin hesabatını verib, orada 1-ci yerdə kommunal xidmətlər gəlirdi. Zəhmətkeşlərimiz insan hüquqları müvəkkilinə bu istiqamətlə bağlı 1172 dəfə telefon açmışlar. İkinci yerdə isə ünvanlı sosial yardım şikayətləri gəlirdi: 1171 dəfə. Diqqət elədinizmi? Fantastik ardıcıllıq var: 1171, 1172... Bəlkə 1 nəfər də ünvanlı sosial yardımdan şikayət eləsə tam “zerkalnı” nömrə alınardı, 10-15 minə satardıq. Ancaq eləməyiblər. Nəyə görə eləməyiblər, anlamıram. Yəqin ki, bu, əhaliyə ünvanlı sosial yardımların verilməsində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir.

Davam edək. Ünlü aktrisamızın biri teatrlarda baş rejissor, baş rəssam, baş aktyor, baş tamaşaçı kimi ştatların ləğv edilməsini alqışlayıb, deyib ki, teatr adamı gərək səhnədə olsun, ona kreslo vermək olmaz. Doğrudan da son illərdə sənət aləmində həndəsi silsilə ilə artan vəzifələrin, rütbələrin çoxluğu milli mədəniyyətimizə çox ziyan vururdu. Artistlər dalaşırdı, kreslolar boş qalırdı, səhnədə butafor qan yerinə həqiqi qan axırdı. Şükür, ta sənətlə məşğul olacaqlar. Ancaq tək vəzifənin ləğvi ilə işin düzəlməsi çətindir, rütbələri də ləğv etmək lazım gələcək. Yoxsa elə teatr var, bütün aktyorlar “xalq artisti” poqonu daşıyır, bəzən tamaşada qara camaat rolunu oynamağa adam tapılmır. Anayasa müzakirələrindən sonra Milli Məclis, ümid edirəm, bu kimi məsələlərə də diqqət yetirəcəkdir.

Nəhayət, küləkli-çovğunlu günlərdə Böyükşor gölü köpüklənirmiş, əhali bundan bir qədər narahat olubdur. İdarə analiz aparıb, deyir, ora kanalizasiya axmır, köpüyün mənbəyi... yuyucu tozlardır. Sanki camaat orda paltar durulayırmış. Az qalırlar desinlər göldən pivə çıxır, saçaqlı pendir alın, gəlin... Mənim elmi versiyam var. Təzəlikcə, yadınıza gəlirsə, başda su idarəsi olmaqla əlaqədar orqanlar iclas keçirmişdi, Bakıdakı göllərin qurudulması, yerində ev tikilməsi tənqid atəşinə tutulmuşdu. Böyükşorun köpüklənməsi həmin iclasın gölün dərinliklərində doğurduğu ehtizazın nəticəsidir.

Bəs Xocəsən gölü niyə köpüklənmədi, artıq bunu araşdırmaq orqanların vəzifəsidir. Özünü düzgün aparmırsa, Xəzərə axıdaq, qurusun, getsin.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Iyul 2026

22 Iyul 2026

21 Iyul 2026

20 Iyul 2026

19 Iyul 2026

17 Iyul 2026

16 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

09 Iyul 2026

08 Iyul 2026

06 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

02 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

25 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

21 Iyun 2026

19 Iyun 2026

18 Iyun 2026

17 Iyun 2026

16 Iyun 2026