Onlayn ictimai-siyasi qəzet
Qüssəli xəbər var. Konstitusiya Məhkəməmizin 3 hakimi səlahiyyət müddətləri başa çatdığı üçün işdən çıxarılmışdır. Hansısa KİV bu əhvalata hətta belə başlıq qoymuşdu: “KM-in hakimləri yola salındı”. Niyə axı? Nədən? Bizi nə üçün incidirsiniz? Başlığı oxuyanda adama elə gəlir sayın hakimlər avtovağzalda bilet alıb, misal üçün, Ucara yola düşüblər. Onları yola salmaq lazım deyil.
Əhvalatın səbəbi də, türkün sözü, ilgincdir. Sən demə, bizim qanunlara görə hər hansı yoldaş KM-də yalnız 15 il hakim ola bilərmiş. Ondan sonra gərək “yola salınsın”. Qanunlara əməl etmək ölkəmizdə hamının müqəddəs vəzifəsidir axı. KM hakimləri də lap başda olmaqla. Ancaq niyə biz bu qanunu dəyişdirib həmin hakimləri ömürlük etməyək? Misal üçün, uca şeyximiz kimi. Mən bugünlərdə sovet tarixinə dair bir materialı incələyirdim, orda gördüm ki, Allahşükür müəllim 1989-cu ildə Nehrəmdən SSRİ Ali Sovetinə deputat seçilmişdir. Daha dəqiqi, mən şeyx həzrətlərinin deputat olduğunu bilirdim, ancaq Nehrəm seçki dairəsindən deputat olduğunu bilmirdim. Gözəl bilgi oldu. Hərçənd bunu harada istifadə etmək lazımdır, heç bir versiyam yoxdur. Saxla samanı, gələr zamanı. Mənim başımda çoxlu belə mənalı informasiyalar saxlanılır. Məsələn, insan gözünün anadan olandan ölənəcən eyni ölçüdə qaldığını, burun və qulaqların isə daim böyüdüyünü bilirdinizmi? Bir insan ildə ən azı 1460 yuxu görür.
Konstitusiya Məhkəməmizi tərk edərək bizi qüssəyə boğan yoldaşlardan biri əvvəllər Milli Məclis aparatında çalışıb. Onu ora qaytarmaq olar. İkincisi Mərkəzi Seçki Komissiyasında, Məzahir müəllimin yanında çalışıb, dövlətçilik və ədalət, qanuna hörmət və səsverməyə sədaqət təcrübəsi yığıb. Məsləhətdir onu da yenidən MSK aparatına göndərsinlər. Üçüncüsü, açığı, yadımda qalmayıb haradan gəlib, lakin onun təcrübəsini də müvafiq strukturlarda təmin etməyə borcluyuq. Şair demişkən, qoy millətdə ruh yaşasın. Mövzumuza bəlkə dəxli yoxdur, ancaq fürsət ikən Mixail Zabelinə də bir-iki çırtma vursaydılar, ləzzət eləyərdi. Otuz il Biləcərinin Yasamal tərəfindən deputat qoydular, bir dəfə ağzını açıb “privet-paşol” dediyini eşidən olmadı. Axırda, deyəsən, Xətai rayonuna deputat qoydular, bu da uca şahımıza heç uyğun gəlmirdi.
Təcrübəli insanları daim istifadə etmək lazımdır. Çörəyi ver çörəkçiyə, dolları ver məmura. Təsadüfi deyil ki, cari ilin oktyabr ayında 93 ölkənin hakimlərini birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası paytaxtımızda keçiriləcək. Bu mühüm tədbirin Azərbaycanda keçirilməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi sahəsində həyata keçirilən islahatlara beynəlxalq səviyyədə verilən qiymətin təzahürüdür (axırıncı iki cümləni Ali Məhkəmənin saytından götürmüşəm, haqqımda başqa fikirlərə düşdünüzsə, etiraf edin).
Sonda bir müdrik pritça yazaq, oxucular üçün maraqlı olsun, hazırda belə səydəş mövzular tik-tokda-zadda dəb imiş.
Deyir, bir gün siçan görür ev yiyəsi tövlədə tələ quraşdırır, bunu toyuq, qoyun və inəyə xəbər verir. Heyvanlar siçana deyirlər ki, bundan bizə nə, sənin problemindir. Səhərisi gün tələyə ilan düşür, ev yiyəsinin arvadını çalır. Arvadı müalicə üçün toyuğu kəsirlər. Ziyarətə gələn qonaqlar üçün qoyunu kəsirlər. Ancaq müalicə xeyir vermir, övrət rəhmətə gedir, yası yola vermək üçün də inək kəsilir.
Siçan isə deşikdən prosesi izləyib sonra Tıq-tıq xanımla evlənib, şad-xürrəm ömrünü sürür. Göydən üç gilas düşdü, salamat qalın.
08 Sentyabr 2026
07 Sentyabr 2026
06 Sentyabr 2026
04 Sentyabr 2026
03 Sentyabr 2026
02 Sentyabr 2026
01 Sentyabr 2026
31 Avqust 2026
30 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
24 Avqust 2026
23 Avqust 2026
21 Avqust 2026
20 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
16 Avqust 2026
14 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
09 Avqust 2026
08 Avqust 2026
06 Avqust 2026
05 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ