İnsanlara hürriyət, millətlərə istiqlal!

Şlaqbauma hörmətlə

“Əgər millət azadlıqla şlaqbaum arasında seçim edərkən şlaqbaumu seçsə düz yoldadır”

(Benzamin Franklin)

Şəhərimizin iki küçəsinin kəsişməsində zəhmətkeşlər arasında kütləvi davanın videosu yayıldı, sonra dava iştirakçılarının bəziləri polis tərəfindən aşkar edilib götürüldü. Dava da insafən, gözəl dava idi, şillə-təpik havada uçurdu, hətta dava üzvlərindən biri hardansa tapıb gətirdiyi kətili rəqibinin, incəsənət termini ilə yazsam, tərəf-müqabilinin başına geydirmişdi.

Belə şeylər olanda xaricdə adətən səbəbləri də yazırlar, araşdırıb tapırlar, o cümlədən, adamların adı, hadisənin dəqiq ünvanı açıqlanır. Bizdə isə buna ehtiyac yoxdur. Biz adsız qəhrəmanlar ölkəsiyik. Əsas davanın özüdür. İndiki halda da ehtimal etmək olar ki, dava ya maşın saxlamaq üstündə olub, ya da biri o birinə zarafatla “peysər”-zad deyib. Ayrı nə səbəb olasıdır?

Ancaq ola bilər “Kitabi Dədə Qorqud dastanının müəllifi Kamal Abdulladır, yoxsa Anar” temasında fikir ayrılığı yaşansın. Ya da, nə bilim, “qara dəliklər ətrafında sinqulyarlıq həqiqətən varmı” mübahisəsi dava-dalaşla bitsin. Zarafat eləmirəm, 2000-ci illərdə mən “Kəmalə-Nərmin” şadlıq sarayında keçirilən toyda ciddi bir davanın şahidi olmuşdum, səbəb isə bu idi: dinozavrlar tüksüz imiş, ya yox?

Sözgəlişi, hazırda respublikamızda nəsə beynəlxalq urbanizasiya tədbiri keçirilir, iqlim konfransından sonra çoxlu yağış yağdı, yəqin bu tədbir bitəndə, Allah eləməsin, şəhərlərimiz dağılacaq. Axı həqiqətən Azərbaycan şəhərlərinin dünyaya örnək olası memarlıq quruluşu vardır. Hələ də xaricilər gəlib Biləcəridə səki olmayan küçədə piyadaların maşınlar arasında necə gəzməsini, Keşlənin su basan ərazilərini, Masazırın unikal arxitekturasını, Xutorun konstruktivizmini, nə bilim, Zabratın modernizmini öyrənirlər. Son davanın küçə kəsişməsinə təsadüf etməsi məndə istər-istəməz belə ehtimallara səbəb oldu ki, bəlkə gənclərimiz orada hansısa urbanizasiya problemlərini həll edirmişlər.

Bütün hallarda mən belə davaları alqışlayıram, dəstəkləyirəm, təbii seçmənin, təkamülün vacib elementi kimi qəbul edirəm. Qoy güclülər qalib gəlsin! (Hərçənd, zəhmətkeşlərimizi bu yanlış “elmi” nəticədən uzaq olmağa səsləyirəm. Biləsiniz, güclülərin yox, uyğunlaşanların nəsli davam edir).

Diqqətli və sadiq oxucular, əlbəttə, bu sicilləmə girişin əslində müəllifin yazmaq istədiyi tamam başqa mövzuya keçid üçün olduğunu artıq anlamışlar. Məntiq də bunu deyir: əgər dava adi, gündəlik, normativ tələbləri qorumaqla aparılıbsa, bundan nə yazasan? Əski bir qəzetçilik afyorizmində deyilən kimi, itin adamı dişləməyi xəbər deyil, adamın iti dişləməyi isə başqa məsələ!

Bu davanın videosunda ön plandakı bir qurğu mənim diqqətimi istər-istəməz özünə cəlb elədi. O qurğu... şlaqbaum idi! Dalaşanlar bir-birinə, dağa-daşa, divara dırmaşırdılar, lakin şlaqbaumun bəri üzünə keçmirdilər!

Heyrətamiz mənzərə idi. Dərhal görünürdü ki, bu dalaşan insanlar qanunlarımıza, milli qaydalara hörmətlə yanaşırlar. Şlaqbaum varsa, niyə keçəsən? Bəzən əhali küçə və məhəllələrə quraşdırılan icazəsiz, şəxsi şlaqbaumlardan narazılıq edir, onları sökdürürlər. Halbuki, hər yer şlaqbaumlansa, dava da olmaz! İlkin olaraq bütün şadlıq saraylarının, restoranların, idman salonlarının, qəzet redaksiyaları və partiya qərargahlarının, ictimai hamam və diskotekaların, məktəb və universitetlərin ətrafında şlaqbaum qoyulmalıdır. Ondan sonra hüquqpozmaların statistikasına baxarsınız. Sıfır göstərməsə, adımı pozaram.

Sonda ana dilimizi qorumaq baxımından bir filoloji əlavəyə zərurət yarandı. O sözü bəzi vətəndaşlarımız “şıllaqbaum” kimi deyir, ancaq doğrusu “şlaqbaum”dur. Alman mənşəlidir, hərfi tərcüməsi “kəsik ağac” deməkdir. Son illər əcnəbi sözləri milliləşdirmək dəbdir, məsələn, şpilka ipəzor, plavki geyçim olub, bilirsiniz. Bəlkə biz şlaqbauma da “əyilkeç” deyək? Başqa versiyam da var idi, uşaq-muşaq oxuyar deyə yazmıram.

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm bu gün neçə şlaqbaum qurmusunuz?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Iyul 2026

20 Iyul 2026

19 Iyul 2026

17 Iyul 2026

16 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

09 Iyul 2026

08 Iyul 2026

06 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

02 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

25 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

21 Iyun 2026

19 Iyun 2026

18 Iyun 2026

17 Iyun 2026

16 Iyun 2026

14 Iyun 2026

12 Iyun 2026