Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin müxalifətçi deputatları son iclasda çox kəskin tənqidi çıxışları ilə yadda qalmışdır.
İlk növbədə, ƏHD Partiyasının sədri Qüdrət müəllimin çıxışı dünya mediasının diqqətini özünə cəlb etmişdir. Sitat: “Baxmayaraq ki, biz işğala son qoymaqla təqribən 147-200 min hektar torpaq sahəsini yenidən vətəndaşlarımızın, fermerlərin istifadəsinə qaytarmışıq, amma 2023-cü ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında artım 3,1 faiz olubsa, 2024-də bu, 1,5 faiz, 2025-ci ildə 0,9 faiz olub”.
Sonra kürsüyə Razi müəllim qalxıb. Onun partiyasının adını yazmağa ehtiyac yoxdur, xalqın liderlərindən biridir. Mən keçən dəfə bir yazımda Razi müəllimin seçicilər üçün mayak rolu oynadığını, bölgədə daim qızışdırıcı faktor olduğunu (isitmə sistemləri baxımından) qeyd etmişdim, bu iclas hələ mənim az yazdığımı göstərmişdir. Razi müəllim açıq, kəskin, radikal şəkildə deyib ki, camaat rayonda qızışmağa qaz tapmır, kömür yoxdur, ağac kəsməyə də ekologiya qoymur. Sitat: “Bu, nə dövlətə yaraşır, nə sosiallığa!” (Nidanı mən özüm qoydum, Razi müəllim həmin yerə çatanda bir az sakitləşmişdi, əlbəttə, dünyada və regionda baş verən prosesləri həmişə nəzərə alır).
Deputatlar düzmü deyir? Əlbəttə. Elə bu gün çörəyin qiyməti qalxıb, seçicilər narazıdır. İnsanlar aşı kartofla bişirir. Məsələn, Nəsimi rayonunda rəqəm defisiti yaranmışdı, ona görə məcburən rəqəmartırma idarəsinin müdirini oraya icra başçısı göndərdik.
Hətta müxalifətin radikallığı iqtidar deputatı, YAP üzvü Səyavuş müəllimə də neqativ təsir göstərdi, görün iclasda medal dolu sinəsini qabağa verib nə deyib: “Təqaüdçülərin son ümidlərini də əllərindən alırlar”.
Allah, Allah... Elə bil 90-cı illərdir, indicə Əbülfəz bəy rəyasət heyətində pülədiyi siqaretin külünü iclası işıqlandıran ANS-in mikrofonlarına tökəcəkdir...
Bu qədər də olmaz axı. Doğrudur, Səyavuş müəllim təqaüdcülərin pensiya kartına girib pul əkişdirən xarici söyüş blogerlərini hədəfə almışdı, ancaq kim bu qədər incəliyə diqqət edir? Götürüb yayacaqlar, kontekstdən çıxaracaqlar, ondan sonra gəl bir də sübut elə ki, suyun ölçü vahidi niyə vedrədir, 90 dərəcə istilik bucağında nə üçün adamın boynu dönmür, nə bilim, koronavirusun mənbəyi Ramiz Mehdiyevin sünnət toyunda süfrəyə verilən yarasa çığırtması olmamışdır və sairə və ilaxır çərşənbə.
Müxalifətin niyə belə qəfil aktivləşməsinin səbəblərini mən bilirəm və burada da yazıram ki, əlaqədar orqanların məlumatı olsun. Dövlətimizə, xalqımıza xidmət borcumuzdur, bəs necə!?
Hazırda ABŞ vitse-prezidenti Cey Di Vens Qafqazda səfərdədir. İrəvana gedib, oradan Bakıya gələcəkdir. Məhz Amerikanın dəstəyini almaq, Vensin bir növ gözünə girmək üçün bizim parlament müxalifəti çıxışların dozasını artırıbdır!
Bəli. Başqa heç bir ciddi amil görünmür. Razi müəllimin vaxtilə AXCP-də işləyərkən Amerika ilə əlaqələrini nəzərə alanda bu faktor özəlliklə gözə batır.
Prinsipcə, deputatlar heç bunu çox gizlətmirlər də. Qüdrət müəllim hətta belə dedi ki, kənd təsərrüfatımızı dirçəltmək üçün ABŞ-dən kadr cəlb etməliyik. Yəni kovboyları çağıraq, gəlib danaları otarsınlar. Guya bizim kənd təsərrüfatı məmurlarımız dana otarmağı da bacarmır. O cümlədən deyir, amerikalılar kəndimizdə qarğıdalı əksinlər, arpa səpsinlər, nə bilim, yonca presi bağlasınlar və sairə.
Dəhşətdir. ABŞ-nin Ermənistana vəd elədiyi 9 milyard dollar investisiya artıq bölgəmizi çalxalayır, hamı şirniklənib. İndi nə edək? Deputatların da əvəzinə konqresmen gətirək? Mənim yerimə Vaşinqton- Postun müxbiri yazsın? Hər şey cəhənnəm, sizin yerinizə bunu Madonna ilə Bred Pitt oxusun?
Axı o müxbir bizim milli-mənəvi dəyərlərimizdən çox uzaqdır! Gəlin bir az patriot olaq. Yazını da Nazim Hikmətin çox yerinə düşən misraları ilə bitirirəm:
“Əli-qolu zəncirlərə vurulmuş,
Vətən çırılçılpaq yerə sərilmiş.
Oturmuş köksünə texaslı çavuş.
Bəylər, bu vətənə necə qıydınız?"
26 Iyul 2026
24 Iyul 2026
23 Iyul 2026
22 Iyul 2026
21 Iyul 2026
20 Iyul 2026
19 Iyul 2026
17 Iyul 2026
16 Iyul 2026
15 Iyul 2026
13 Iyul 2026
12 Iyul 2026
10 Iyul 2026
09 Iyul 2026
08 Iyul 2026
06 Iyul 2026
05 Iyul 2026
03 Iyul 2026
02 Iyul 2026
01 Iyul 2026
29 Iyun 2026
25 Iyun 2026
24 Iyun 2026
23 Iyun 2026
22 Iyun 2026
21 Iyun 2026
19 Iyun 2026
18 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ